Sevərkən özünü itirmə: sağlam münasibətin ən sadə sirri.
- 2 дня назад
- 2 мин. чтения
Əslində heç kim bizə münasibətin nə olduğunu açıq-aşkar öyrətməyib. Biz sadəcə gördüklərimizdən nəticə çıxarmışıq: kim çox dözürsə, kim çox verir, kim daha az danışır — guya o münasibəti “saxlaya bilir”. Amma zamanla anlayırsan ki,

bu yanaşma insanı münasibətdə saxlayır, xoşbəxt etmir.
Sağlam münasibət yarış deyil.Sağlam münasibət — iki insanın özünü itirmədən bir-birinə yaxınlaşmasıdır.
Çox qadın eyni yerdə ilişib qalır: sevir, amma yavaş-yavaş özünü itirir. Öz istəklərini geri atır, “incitməyim” deyə susur, “getməsin” deyə hər şeyə razı olur. Bir gün baxır ki, münasibət var, amma içindəki “mən” yoxa çıxıb.
Ən vacib sual budur:sən bu münasibətdə özün olaraq qala bilirsən?
Əgər daim özünü saxlayırsansa, sözlərini ölçüb-biçirsənsə, “görəsən belə desəm nə olar?” deyə özünü sıxırsansa — bu artıq rahatlıq deyil, bu gərginlikdir. Sevgi gərginlik yaratmamalıdır.
Bir də sərhəd məsələsi var. Çoxları düşünür ki, sərhəd qoymaq qarşı tərəfi uzaqlaşdırar. Əslində isə tam əksidir. Sərhəd qoymaq o deməkdir ki, sən özünü tanıyırsan və özünə hörmət edirsən. “Bu mənə uyğundur, bu deyil” deməyi bacarırsan. Səni həqiqətən dəyərli görən insan bundan qaçmaz — əksinə, səni daha aydın anlayar.
Sevgi heç vaxt “onsuz yaşaya bilmərəm” hissi olmamalıdır. Bu romantik səslənsə də, əslində qorxudur. Sağlam sevgi belə deyir: “Səni seçirəm, amma özümü də itirmirəm.” Sən birini seçə bilərsən, amma özündən imtina etməməlisən.
Bir də o “oyunlar”…gec yazmaq, özünü geri çəkmək, diqqəti ölçüb vermək… Bunlar qısa müddətdə maraqlı görünə bilər, amma uzun müddətdə münasibəti yorur. İnsan səmimiyyət istəyir, oyun yox.
Və ən önəmlisi — içindəki səsi susdurma.Bəzən heç bir sübut olmur, amma içində bir hiss deyir ki, “burda nəsə düz deyil”. Çox vaxt o hiss səhv etmir. Sevgi adı ilə hörmətsizliyi qəbul etmək özünə qarşı haqsızlıqdır.
Unutma:münasibətdə xoşbəxt olmaq üçün əvvəlcə özünlə yaxşı olmalısan.Çünki sən özünü itirdiyin yerdə heç bir münasibət səni xoşbəxt edə bilməz.
Sevgi gözəldir. Amma ən gözəl sevgi — içində özünü də itirmədiyin sevgidir. 🌿
Sual:Sən bu gün sevdiyin münasibətdə özünsən, yoxsa kimisə itirməmək üçün özünü dəyişirsən?
Sevgilərlə,Gunel 🤍



Комментарии