Mən və üç hissəyə bölünən həyatım.
Yazmağa başladıqda anladım ki, həyat üç hissəyə bölünür. Və hər kəsin o üç hissəsi bir-birindən tamamilə fərqlidir.

Birinci hissə – böyümə hissəsidir. Amma biz çox zaman böyüdüyümüzü anlamırıq. Sadəcə yaş alırıq, təcrübə qazanırıq, yıxılırıq, qalxırıq… və düşünürük ki, bu, sadəcə həyatdır. Halbuki əslində içimizdə səssiz bir formalaşma gedir. O dövrdə biz kim olduğumuzu yox, kim olmalı olduğumuzu düşünürük. Cəmiyyətin səsi öz səsimizi üstələyir. Və biz böyüyürük… amma hələ tam oyanmırıq.
İkinci hissə – hər şeyin ya tam doğru, ya da tam yanlış olduğunu düşündüyümüz mərhələdir. Bu dövrdə həyat qara və ağ rənglərdən ibarət olur. Ya haqlıyıq, ya da haqsız. Ya qalibik, ya da məğlub. Bu mərhələ bir az sərtdir. Çünki insan burada çox mübarizə aparır – həm başqaları ilə, həm də özü ilə. Ən çox da öz içindəki suallarla. Bəzən keçmişlə savaşırıq, bəzən gələcəklə. Amma ən çətini budur: o dövrdən necə keçdiyin. Özünü itirərəkmi, yoxsa özünü taparaqmı?
Və üçüncü hissə – axtarış mərhələsidir. Artıq anlayırsan ki, nə hər şey tam doğrudur, nə də tam yanlış. Hər şey təcrübədir. Bu mərhələdə insan cavabdan çox sualın özünü sevməyə başlayır. Tələsmir. Müqayisə etmir. Sadəcə hiss edir. Ən önəmlisi isə budur: bu mərhələyə necə gəldin? Hansı yaralardan keçdin? Hansı susqunluqları dinlədin? Hansı gecələr səni dəyişdirdi?
Bəlkə də həyatın sirri mərhələlərin özündə deyil. Onlardan necə keçdiyindədir.
Mən Güneləm. Uzun illər müəllim kimi çalışmış və zamanla özünü yoga müəllimliyində kəşf etmiş biriyəm.Yogaya qədər özümü tanıdığımı düşünürdüm. Amma zaman keçdikcə anladım ki, mən düşündüyümdən çox fərqli biriyəm. Hətta özümü tanımadığım qədər dünyanı da tanımırmışam. Bu bir az gülməli səslənsə də, həqiqətən belədir.
İşimi çox sevirəm. Amma zamanla başa düşdüm ki, yaşadıqlarımı, bu günə qədər öyrəndiklərimi və daxilimdə baş verən dəyişimi məni izləyən insanlarla bölüşməliyəm.
İndi hər şey çox sadələşib. İstədiklərimizi çox tez əldə edə bilirik. Amma bəzən öz hisslərimizi görməzdən gəlirik. Daxili səsimizi susdururuq.
Mən isə qərara gəldim ki, sizə daha yaxın olum. Hisslərimizi birlikdə bölüşək.
Çünki mən də o üç mərhələdən keçmişəm. Böyüdüyümü anlamadan böyümüşəm. Hər şeyi ya doğru, ya yanlış saydığım zamanlar olub. Və sonra uzun bir axtarışa çıxmışam. O axtarış məni yoga ilə tanış edib. Məni sakitliklə tanış edib. Ən əsası isə məni özümlə tanış edib.
Bu gündən etibarən hər gün bir məqalə yazacağam və sizinlə onun haqqında danışacağıq. Ümid edirəm ki, bir-birimizi daha yaxından tanıyacaq, həyatı süni şəkildə deyil, tam səmimi şəkildə hiss edərək yaşayacağıq. Və həqiqətən YAŞAYACAĞIQ.
Siz bu mərhələlərin hansındasınız? Və ən əsası — onlardan necə keçirsiniz?
Sizləri sevən,Günel 🤍



Комментарии